İmişlidə şəhidin təltif olunduğu “Rəşadət" ordeni ailəsinə təqdim edilib
06 sentyabr 2022 | 16:04
Bu gün 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Mehdiyev Əhliman Rəhman oğlunun ailəsinə igid döyüşçünün təltif olunduğu 3-cü dərəcəli “Rəşadət” ordeni təqdim edilib. Təqdimat mərasimində şəhidin ailə üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul əməkdaşları, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin əməkdaşları iştirak ediblər.
Təqdimatda çıxış edən RİH başçısı şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. Əhliman kimi qəhrəman oğullarımızın daim qəlblərdə yaşayacağını, xatirəsinin hər zaman əziz tutulacağını bildirib. 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı həmin müharibədə qəhrəman oğullarımızın göstərdiyi şücaətdən danışıb. Döyüş meydanında göstərdikləri igidliklə hərb tarixinə adlarını qəhrəmanlıqları ilə yazdırdıqlarını, gələcək nəsillər üçün nümunə və örnək olduqlarını qeyd edib. Digər çıxış edənlər şəhidlərimizin daim yad olunmasını Əhlimanın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndiriblər. Sonra Azərbaycan Ordusunun şəhid əsgəri Əhliman Mehdiyevin ölümündən sonra layiq görüldüyü “Rəşadət” ordeni atasına təqdim olunub. Şəhidimizin atası Rəhman kişi oğlunun xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyinə, həmçinin göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Xatırladaq ki, şəhidimiz 2002-ci il may ayının 17-də İmişli rayonunun Məzrəli kəndində anadan olub. Vətən müharibəsi zamanı Murovdağının alınmasında iştirak edib, daha sonra həmin istiqamətdə gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.