İmişlidə şəhid, qazi övladları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil olunub
30 dekabr 2024 | 13:24
Dekabrın 30-da İmişli rayonunda “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və qarşıdan gələn Yeni il münasibətilə bayram şənliyi keçirilib. Şənlikdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid və qazi övladları, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər.
Tədbirin açılışında çıxış edən icra başçsı bildirib ki, 1991-ci ilin 16 dekabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Ulu Öndər Heydər Əliyevin dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrilib. O, həmçinin qeyd etdi ki, dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır və Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İcra başçısı iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ili münasibətilə səmimi-qəlbdən təbrik edib, qarşıdan gələn ilin daha xeyirli və uğurlu olmasını arzulayıb. Musiqili-əyləncəli şənlikdə uşaqlar şən musiqi sədaları altında rəqs edib, şeirlər və mahnılar səsləndirib, müxtəlif nağıl qəhrəmanları ilə xoş zaman keçiriblər. Şəhid ailələri və qazilər, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələri öz növbələrində onlara göstərilən yüksək diqqət və qayğıya görə razılıqlarını bildiriblər.