İmişlidə şəhid mayor Emin Süleymanovun anım günü qeyd olunub
13 noyabr 2025 | 15:56
Noyabrın 13-də İmişli Rayon İcra Hakimiyyətinin və İmişli Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi, mayor Emin Süleymanovun Ulu Öndərin adını daşıyan Mərkəzdə anım günü qeyd olunub. Anım mərasimi çərçivəsində şəhidin xatirəsinə həsr olunmuş “Qutsal Yolçu” adlı kitabın təqdimatı keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhidimizin doğmaları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları şəhid mayor Emin Süleymanovun xatirəsinə həsr olunmuş guşə ilə tanış olublar. Burada şəhidin portretləri, hərbi geyimi, şəxsi əşyaları və döyüş yolunu əks etdirən materiallar nümayiş etdirilib. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca şəhid mayor Emin Süleymanovun həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Sonra çıxışlar dinlənilib, çıxış edənlər şəhidin Vətən qarşısında göstərdiyi igidlik, fədakarlıq və şücaətdən bəhs edərək, onun xatirəsinin daim ehtiramla anıldığını vurğulayıblar. Tədbirin gedişində şəhidin anası Tamara Süleymanova və oğlu Bəhmən Süleymanov çıxış edərək, şəhid haqqında xatirələrini bölüşüblər, onun qəhrəmanlıq salnaməsinin gənc nəsil üçün dəyərli örnək olduğunu və keçdiyi şərəfli yolun hər bir vətəndaş üçün qürur mənbəyi olduğunu vurğulayıblar. Həmçinin onlar şəhid ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra yazıçı-publisist Şəhanə Müşfiqin şəhidin həyat və döyüş yoluna həsr etdiyi “Qutsal Yolçu” kitabı təqdim olunub. “Qutsal Yolçu” əsəri şəhidimizin ömür yolunu, döyüşlərdə göstərdiyi igidliyi və Vətənə sədaqətini özündə əks etdirir.
Yekunda iştirakçılar xatirə şəkli çəkdiriblər.













