İmişlidə şəhid İlqar Əhmədovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
09 fevral 2026 | 18:03
Fevralın 9-da İmişli rayonunun Murğuzalılı kənd tam orta məktəbində I Qarabağ müharibəsi şəhidi Əhmədov İlqar Usubəli oğlunun anım mərasiminə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şəhidimizin ailə üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və məktəb kollektivi iştirak ediblər. İştirakçılar şəhidimizin adını daşıdığı Xoşçobanlı kənd tam orta məktəbinin ərazisində yerləşən büstü önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə çıxış edənlər qəhrəman şəhidimizin şərəfli döyüş yolundan bəhs edərək onun Vətənə sədaqətini, göstərdiyi igidlik və fədakarlıq nümunələrini xüsusi vurğulayıblar. Eyni zamanda Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açılaraq bu zəfər nəticəsində şəhidlərimizin qanının yerdə qalmadığı, onların qisasının alındığı bildirilib. Qeyd olunub ki, şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızla təkcə bu gün deyil, illər ötsə belə gələcək nəsillər daim qürur duyacaq, Azərbaycan xalqı var olduqca şəhidlərimizin xatirəsi həmişə uca tutulacaq və onlar qəlblərdə əbədi yaşayacaqlar.
Tədbirin gedişatında çıxış edən şəhid valideynləri övladlarının xatirəsinin daim uca tutulmasından, gənc nəslə nümunə kimi təqdim olunmasından qürur duyduqlarını bildiriblər. Onlar şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz razılıqlarını bildiriblər.
Tədbir çərçivəsində məktəbin şagirdləri vətənpərvərlik ruhunda şeirlər səsləndirərək şəhidlərimizə olan dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Allah rəhmət eləsin!











