İmişlidə şəhid Əzizalıyev Seymur Teyyub oğlunun üçüncü ildönümü qeyd olunub
20 sentyabr 2026 | 12:58
2023-cü il sentyabrın 19-da Qarabağda keçirilən lokal antiterror tədbirləri zamanı şəhid olmuş Əzizalıyev Seymur Teyyub oğlunun üçüncü ildönümü bu gün ailəsinin yaşadığı İmişli şəhərində qeyd edilib. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayonun hüquq-mühafizə orqanlarının məsul işçiləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə şəhidimizə Allahdan rəhmət, ailəsinə isə səbir diləyiblər. Şəhidimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, lokal antiterror tədbirləri zamanı göstərdiyi rəşadət vurğulanıb və əziz xatirəsi ehtiramla yad olunub. Tarixi ədalətin Azərbaycanın gücü və iradəsi ilə bərpa olunduğu qeyd edilib, Vətən Müharibəsi və antiterror əməliyyatlarında qəhrəman şəhidlərin xatirəsinin hər zaman ehtiramla anılacağı bildirilib. Şəhidimizin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə minnətdarlıqlarını bildiriblər.
Allah rəhmət eləsin!






