İmişlidə şəhid Elnur Bəylərovun xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
26 sentyabr 2025 | 18:48
Bu gün İmişli Rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Bəylərov Elnur Ehdibar oğlunun xatirəsinə həsr olunmuş “Ən uca və ən şərəfli ad” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, şəhidimizin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin rəsmi hissəsi başlamamışdan əvvəl şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. Tədbirdə dövlət himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev şəhid Elnur Bəylərovun keçdiyi şərəfli ömür yolundan bəhs edib. Qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçən qəhrəman oğullarımızın xatirəsi daim uca tutulur. Onların qəhrəmanlıqları hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bildirib ki, şəhidlərimizin xatirəsinə həsr olunan tədbirlər, filmlər, ədəbi-bədii nümunələr və onların adlarının əbədiləşdirilməsi dövlətimizin və xalqımızın şəhidlərimizə göstərdiyi ali ehtiramın bariz nümunəsidir. Digər çıxış edənlər şəhid Elnur Bəylərovun Vətən uğrunda göstərdiyi igidlikdən bəhs edərək onun xatirəsinin daim uca tutulacağını bildiriblər.
Tədbirin gedişatında çıxış edən şəhidimizin atası Ehdibar kişi övladı barədə xatirəsini bölüşərək, onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və dövlət rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən ədəbi-bədii kompozisiyalar və vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, həmçinin döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.
























