İmişlidə şəhid Elnur Bayramovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
05 fevral 2025 | 16:31
Fevralın 5-də İmişli Rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Bayramov Elnur Şəmsi oğlunun xatirəsinə həsr olunmuş “Bir ocağın üç qəhrəman oğlu” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə şəhid ailələri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir dövlət himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan icra başçısı şəhid Elnur Bayramovun keçdiyi şərəfli ömür yolundan, eyni zamanda Elnurun qardaşları, Elbəyi və Xalidin qəhrəmanlıqları haqqında danışıb. Bildirib ki, Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcudur. Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirələrinə həsr olunmuş tədbirlər, filmlər, əsərlər və onların adlarının əbədiləşdirilməsi istiqamətində atılan addımlar şəhidərimizin ruhuna, onların doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın aydın ifadəsidir. Tədbirin gedişatında çıxış edən şəhidimizin atası Şəmsi kişi övladı barədə xatirəsini bölüşərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə razılğını ifadə edib. Tədbir Mədəniyyət işçilərinin ifalarında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilməklə və vətənpərvərlik ruhunda musiqilər səsləndirilməklə davam etdirilib.



