Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Əhmədzadə Elməddinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

22 oktyabr 2024 | 20:19
   Oktyabrın 22-də İmişli Rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Əhmədzadə Elməddin Uğur oğlunun xatirəsinə həsr olunmuş “Torpaq uğrunda ölən varsa” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə şəhid ailələri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının kollektivləri və rayon ictimaiyyəti iştirak ediblər. Tədbir başlamamışdan öncə Mədəniyyət işçilərinin və məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirilib. Tədbir dövlət himninin səsləndirilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
  Tədbiri giriş sözü ilə açan icra başçısı şəhid Elməddin Əhmədzadənin keçdiyi şərəfli ömür yolundan danışıb. Bildirib ki, Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcudur. Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirlər, filmlər, əsərlər və onların adlarının əbədiləşdirilməsi istiqamətində atılan addımlar şəhidərimizin ruhuna, onların doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın aydın ifadəsidir. Tədbirin gedişatında çıxış edən şəhidimizin atası Uğur kişi övladı barədə xatirəsini bölüşərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə razılğını bildirib. Sonda Mədəniyyət işçilərinin ifalarında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib və vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.
Keçidlər