İmişlidə şəhid Amil Səfərlinin xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
06 noyabr 2025 | 19:35
Bu gün İmişli Rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Amil Nizami oğlu Səfərlinin xatirəsinə həsr olunmuş “Torpaq uğrunda ölən varsa, Vətəndir!” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, şəhidimizin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir başlamazdan əvvəl şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. Dövlət himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev şəhid Amil Səfərlinin keçdiyi şərəfli ömür və döyüş yolundan bəhs edib. O, qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğullarımızın xatirəsi daim uca tutulur və onların qəhrəmanlığı hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Digər çıxış edənlər şəhid Amil Səfərlinin göstərdiyi igidlikdən bəhs edərək onun xatirəsinin daim əziz tutulacağını bildiriblər. Şəhidin valideynləri çıxışlarında övladlarının həyat və döyüş yolundan bəhs edərək onunla bağlı xatirələrini bölüşüb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.
Sonda Mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.
























