İmişlidə şəhid ailələrinə qayğı daim diqqət mərkəzindədir
31 avqust 2022 | 16:08
Ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin ailələrinə qayğı göstərmək, onların problemləri ilə maraqlanmaq İmişli Rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində saxlanılır. Həyata keçirilən tədbirlər çərçivəsində Vətən Müharibəsi şəhidi İsa Məmmədlinin atası Sarı Məmmədova məxsus İmişli şəhərinin M.Müşfiq küçəsi ev 28 ünvanında tikintisi yarımçıq qalmış 2(iki) otaqlı yardımçı yaşayış sahəsinin tamamlanması üçün RİH tərəfindən vətəndaşa maddi yardım edilmişdir. Belə ki, 2 otaqlı yaşayış sahəsinə yeni döşəmə vurulub, asma tavan və metal plastik pəncərə blokları quraşdırılıb, divarlar oboy materialları ilə üzlənib. Həmçinin yaşayış sahəsinə elektrik sistemi çəkilib və otaqlara yeni çılçıraqlar qoyulub. Beləliklə 2 otaqlı yaşayış sahəsində müasir tələblər səviyyəsində təmir işləri aparılıb və yaşayış üçün normal şərait yaradılaraq ailənin istifadəsinə verilib.
Ötən gün İmişli RİH başçısı Elçin Rzayev icra aparatının məsul şəxsləri və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhid atasının evində aparılan təmir işləri ilə tanış olub, şəhid ailəsinin qayğları ilə maraqlanıb. Şəhidin atası Sarı Məmmədov aparılan təmir işlərindən razılıq edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Qeyd edək ki, rayonda şəhid ailələrinin və müharibə iştirakçılarının sosial-yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.