İmişlidə şəhid ailələrinə 11 mənzil və 3 fərdi ev təqdim olundu
23 dekabr 2022 | 14:38
Dekabrın 23-də İmişli şəhərində şəhid ailələrinə 11 mənzil və 3 fərdi ev təqdim olunub. Mənzil və fərdi evlərin təqdim olunması tədbirində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov iştirak ediblər. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunurlar. Bu gün təqdim edilən mənzil və fərdi evlər də daxil olmaqla 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4150, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev verilib.
Yeni evlərlə təmin olunan şəhid ailələri daima dövlət qayğısı ilə əhatə olunduqlarına, bu gün isə mənzillə və fərdi evlə təmin edildiklərinə görə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.