İmişlidə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
20 aprel 2023 | 11:34
Ötən gün İmişli rayonunda “Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi və İmişli Rayon Icra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib. Mərasimdə şəhid ailələri ilə yanaşı, İmişli RİH başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının, İctimai Birliyin əməkdaşları, din xadimləri və rayon ictimaiyyəti iştirak ediblər. Əvvəlcə dövlət himnimiz səsləndirilib, sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib.
Mərasimdə çıxış edən icra başçısı Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olmasından söhbət açıb. Azərbaycanda və eləcə də İmişli rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirdiyini qeyd edib. O, iftar məclisində iştirak edən şəhid ailələrinə qəhrəmanlarımızın bizlərə əmanətləri olduğunu, məhz həmin oğullarımızın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında tarix yazdığını, 44 gün davam edən haqq savaşımızda şücaət göstərərək, düşmənin 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı işğaldan azad etməklə xalqımıza möhtəşəm qələbə bəxş etdiklərini diqqətə çatdırıb. Digər çıxış edənlər Vətənimizin ərazi bütövlüyünün təmin olunmasında şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının rəşadət və şücaətlərini yüksək dəyərləndiriblər. Müqəddəs Ramazan ayında şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, dövlət başçımıza, ailəsinə və millətimizə Uca Allahdan xeyir-dualar diləyiblər. Daha sonra iftar süfrəsi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olunub.
Şəhid ailələrinin nümayəndələri, qazilər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, xalqımıza sülh və əmin-amanlıq arzulayıblar. Sonda şəhid ailələri və qazilər üçün bayram hədiyyələri verilib.