İmişlidə şəhid ailələri üçün iftar süfrəsi açılıb
26 mart 2025 | 11:15
Martın 25-də İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İmişli rayonunda islam dünyasının ən müqəddəs ayı olan Ramazan ayı münasibətilə şəhid ailələri üçün iftar süfrəsi açılıb. Mərasimdə şəhid ailələri ilə yanaşı RİH başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, din xadimləri və rayon ictimaiyyəti iştirak ediblər. Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib.
Mərasimdə çıxış edən RİH başıçısı Elçin Rzayev iftar süfrəsində iştirak edənləri salamlayaraq Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olmasından söhbət açıb. O, Azərbaycanda və eləcə də İmişli rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirdiyini qeyd edib. Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu və bu siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. İcra başçısı həmçinin şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlətimizin siyasətinin prioritet məsələlərindən biri olduğu bildirib və dövlətimizin başçısının şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. Digər çıxış edənlər Vətənimizin ərazi bütövlüyünün təmin olunmasında şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının rəşadət və şücaətlərini yüksək dəyərləndiriblər. Müqəddəs Ramazan ayında şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, dövlət başçımıza, ailəsinə və millətimizə Uca Allahdan xeyir-dualar diləyiblər. Sonra dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb. Daha sonra iftar süfrəsi rayonun axundu Rasəf Rüstəmov tərəfindən “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olunub.
Şəhid ailələrinin nümayəndələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, xalqımıza sülh və əmin-amanlıq arzulayıblar.







