İmişlidə qaz təminatı olmayan kəndlərdə qış mövsümünə hazırlıq məsələləri müzakirə olunub
30 sentyabr 2026 | 17:16
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun təbii qazla təmin olunmayan kəndlərinin inzibati ərazi dairələri üzrə nümayəndələri ilə payız-qış mövsümünə hazırlıqla bağlı görüş keçirib.
Görüşdə qaz təminatı olmayan yaşayış məntəqələrində qış aylarında əhalinin istiliklə təmin olunması, mövcud vəziyyətin qiymətləndirilməsi, yarana biləcək problemlərin əvvəlcədən müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində görüləcək işlər müzakirə olunub.
İcra başçısı bildirib ki, qarşıdan gələn qış mövsümündə əhalinin istiliklə təminatında hər hansı çətinliyin yaranmaması üçün hazırlıq işləri əvvəlcədən və sistemli şəkildə həyata keçirilməlidir. Bu məqsədlə qaz təminatı olmayan kəndlərdə vəziyyətin öyrənilməsi, sakinlərin istiliklə bağlı ehtiyaclarının müəyyənləşdirilməsi və zəruri tədbirlərin vaxtında görülməsi vacibdir.
Görüş zamanı kənd inzibati ərazi dairələri üzrə nümayəndələr təmsil etdikləri yaşayış məntəqələrində mövcud vəziyyət və qış mövsümünə hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər.
Sonda payız-qış mövsümündə əhalinin istiliklə təminatının diqqətdə saxlanılması, mövcud problemlərin vaxtında müəyyən edilərək aradan qaldırılması və bu istiqamətdə hazırlıq tədbirlərinin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.






