İmişlidə qarşıdan gələn pambıq yığımı, pambıqçılığın inkişafı və kənd təsərrüfatında innovativ həllərin tətbiqi ilə bağlı görüş keçirilib
08 sentyabr 2026 | 19:20
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasında kənd təsərrüfatının əsas istiqamətlərindən biri olan pambıqçılığın inkişafı, məhsuldarlığın artırılması, müasir aqrotexniki yanaşmaların tətbiqi və suvarma sistemlərinin təkmilləşdirilməsi, eləcə də qarşıdan gələn pambıq yığımı ilə bağlı görüş keçirilib.
Görüşdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin və İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) məsul işçiləri, kənd inzibati ərazi dairələri üzrə icra nümayəndələri, bələdiyyə sədrləri, pambıqçılıqla məşğul olan bir sıra şirkətlərin nümayəndələri və iri fermerlər iştirak ediblər.
Toplantı zamanı qarşıdan gələn pambıq yığımı ilə əlaqədar görüləcək işlər, əkin sahələrinin düzgün planlaşdırılması, məhsuldarlığın yüksəldilməsi, müasir texnologiyalardan və innovativ həllərdən istifadə imkanları geniş müzakirə olunub.
Bildirilib ki, kənd təsərrüfatında müasir yanaşmaların tətbiqi, mövcud resurslardan səmərəli istifadə və istehsal proseslərinin optimallaşdırılması məhsuldarlığın artırılmasına, fermerlərin gəlirlərinin yüksəldilməsinə və aqrar sahənin dayanıqlı inkişafına mühüm töhfə verə bilər. Həmçinin suvarma suyundan daha səmərəli və qənaətlə istifadə olunması, suvarma sistemlərində yeni metodların tətbiqi, su itkilərinin minimuma endirilməsi və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İcra başçısı kəndlər üzrə mövcud vəziyyətin diqqətlə təhlil edilməsinin, fermerlərin qarşılaşdıqları problemlərin operativ şəkildə müəyyənləşdirilməsinin və onların həlli istiqamətində aidiyyəti qurumlarla birgə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Sonda aparılan müzakirələr zamanı iştirakçılar tərəfindən onları maraqlandıran məsələlər dinlənilib, pambıqçılığın inkişafı, suvarma imkanlarının genişləndirilməsi və kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi ilə bağlı qarşıda duran vəzifələr müəyyənləşdirilərək aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilib.






