Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Qaradonlu kənd tam orta məktəbinin 120 illik yubileyi qeyd olunub

18 noyabr 2026 | 20:22
   Noyabrın 18-də İmişli rayonunun Qaradonlu kənd tam orta məktəbinin 120 illik yubileyi münasibətilə “Əsrləri birləşdirən məktəb” adlı tədbir keçirilib. Yubiley tədbirində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Aran, YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev, Mil-Muğan Regional Təhsil İdarəsinin və Rayon Təhsil Sektorunun məsul işçiləri, məktəbin müəllim və şagird kollektivi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar əvvəlcə məktəbin foyesində əvvəlki illərin məzunlarının, burada çalışmış müəllimlərin və şəhidlərin fotoşəkillərindən ibarət sərgi ilə tanış olub, daha sonra məktəb məzununun hazırladığı əl işlərindən ibarət kompozisiyaya baxış keçiriblər.
   Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   Giriş nitqi ilə çıxış edən icra başçısı məktəbin 120 illik yubileyi münasibətilə müəllim və şagird kollektivini təbrik edərək, təhsil ocağının rayonun maarifçilik tarixində mühüm yer tutduğunu vurğulayıb. O, məktəblərin savadlı və vətənpərvər gənc nəslin yetişdirilməsində mühüm rol oynadığını qeyd edib. Həmçinin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu təhsil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. İcra başçısı müəllimlərin üzərinə düşən məsuliyyəti vurğulayaraq, təhsil sahəsində əldə olunan nailiyyətlərin davamlılığının vacibliyini bildirib. Sonda Qaradonlu məktəbinin gələcəkdə də öz yetirmələri və nailiyyətləri ilə adından söz etdirəcəyini, qarşıdakı yubileylərini daha böyük uğurlarla qeyd edəcəyini vurğulayıb.
   Tədbir zamanı çıxış edən millət vəkili Səyyad Aran, YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev, məktəbin məzunları və digər natiqlər təhsil ocağının zəngin tarixindən, formalaşmış təhsil ənənələrindən və rayonun maarifçilik həyatındakı rolundan bəhs edərək, yubiley münasibətilə məktəbin kollektivini təbrik ediblər.
   Daha sonra məktəbin 120 illik tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda təhsil ocağının yaranma tarixi, inkişaf mərhələləri və qazandığı nailiyyətlər əks olunub.
   Tədbirin sonunda məktəblilərin ifasında Vətənə məhəbbət və vətənpərvərlik ruhunu əks etdirən musiqi nömrələri səsləndirilib, həmçinin bədii kompozisiyalar təqdim olunub.
 
 
 
 
Keçidlər