Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı ictimai müzakirə aparılıb

16 sentyabr 2025 | 18:52
  Qarabağ suvarma kanalının yenidən qurulması layihəsində işlərin sürətləndirilməsi və aidiyyəti qurumlarla əlaqələrin səmərəli təşkili məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasında ictimai müzakirə keçirilib. Belə müzakirələrin əsas məqsədi layihə zonasında yaşayan əhalinin, eləcə də müvafiq sahə üzrə mütəxəssislərin fikirlərinin öyrənilməsi və nəzərə alınmasıdır. Müzakirədə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul nümayəndələri, həmçinin kanalın keçdiyi kəndlərin icra nümayəndələri və kənd sakinləri iştirak ediblər.
   İcra başçısı çıxış edərək bildirib ki, ölkəmizdə meliorasiya və su təsərrüfatı sahəsi hər zaman Prezident cənab İlham Əliyevin diqqət mərkəzindədir. Bu diqqət sayəsində mövcud su fondlarının qorunub saxlanılması, istismarının yaxşılaşdırılması və sahənin müasir tələblərə uyğun inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. O, qeyd edib ki, Azərbaycanın ən iri magistral suvarma qurğusu olan Qarabağ kanalı yaxın ərazilərdə yerləşən rayonların əkin sahələrinin suvarılmasını və yaşayış məntəqələrinin suvarma suyu ilə təmin olunmasına xidmət edir. Həmçinin kanal Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürməklə əkin sahələrinin su təminatında mühüm rol oynadığını diqqətə çatdırıb.
   Digər çıxış edənlər kanalın yenidən qurulmasının su itkilərinin azaldılması, suvarma təminatında yaranan problemlərin aradan qaldırılması, torpaqların meliorativ vəziyyətinin və ətraf mühitin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
   Daha sonra, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eksperti tərəfindən “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsi ilə bağlı təqdimat keçirilib, layihənin texniki-iqtisadi göstəriciləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Tədbirin sonunda iştirakçıların səsləndirdiyi fikirlər nəzərə alınaraq müvafiq qeydlər aparılıb.
   Xatırladaq ki, Qarabağ zonası və ona yaxın ərazilərdə su təchizatı infrastrukturunun müasirləşdirilməsi, su itkilərinin azaldılması və meliorasiya olunmuş torpaq sahələrinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 15 aprel 2024-cü il tarixli 85 nömrəli Sərəncam imzalanıb.
Keçidlər