İmişlidə Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib
01 oktyabr 2025 | 19:13
Oktyabrın 1-də İmişli rayonunda Azərbaycan prokurorluğunun yaradılmasının 107-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub. Bu münasibətlə İmişli Rayon Prokuroru Valeh Səmədov, İmişli Rayon İcra Hakimiyyətinin məsul işçiləri, YAP İmişli rayon təşkilatının sədri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Xatırladaq ki, Azərbaycan Prokurorluğunun beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşması Ulu Öndər Heydər Əliyevin və onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olub. Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident cənab İlham Əliyev Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti nəticələrini vermişdir. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq prokurorluğun kadr korpusunun şəffaf prosedurlar əsasında yenilənməsi istiqamətində məqsədyönlü addımlar atılmışdır. Hazırda Azərbaycan Prokurorluğunun 107 illiyini və peşə bayramını Zəfər əhvali-ruhiyyəsi ilə qeyd edən əməkdaşlar fəaliyyətlərini müasir çağırışlara və beynəlxalq standartlara uyğun quraraq qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquqlarının qorunmasında yorulmadan çalışırlar.






