Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş konfrans keçirilib

15 oktyabr 2026 | 20:06
   Oktyabrın 15-də İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş konfrans keçirilib. Konfransda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
   Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
    Konfransda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev geniş məruzə ilə çıxış edərək Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr, ölkəmizin müstəqilliyinin və dövlət suverenliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və dayanıqlı inkişafın davam etdirilməsi istiqamətində qarşıda duran prioritetlər barədə danışıb. O, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi və hərbi qüdrətinin gücləndirilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması, eləcə də Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, İmişli rayonunun sosial-iqtisadi inkişafında kənd təsərrüfatının roluna toxunaraq taxılçılıq, pambıqçılıq, heyvandarlıq və quşçuluq sahələrində əldə olunan nəticələr, məhsuldarlığın artırılması və aqrar sahənin inkişafına dair Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
    Rayon rəhbəri çıxışında milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi, uşaqların və gənclərin zərərli kənar təsirlərdən müdafiəsi, onların vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinin vacibliyini xüsusi qeyd edib. İdeoloji və maarifləndirmə işinin formal deyil, nəticəyönümlü şəkildə qurulmasının, təhsil müəssisələrinin, dövlət qurumlarının, ziyalıların, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin bu istiqamətdə birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq qarşıya qoyulan vəzifələrin ardıcıl icrasının hər kəsin məsuliyyəti olduğunu bildirərək müstəqilliyimizin qorunmasının, dövlətçiliyimizin möhkəmləndirilməsinin və ölkəmizin gələcək inkişafının ümumi məqsədimiz olduğunu diqqətə çatdırıb.
    Məruzə ətrafında çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirov, İmişli şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Aynur Nağıyeva və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin əhəmiyyətini vurğulayaraq, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin ardıcıl həyata keçirilməsinin ölkəmizin gələcək inkişafı, milli birliyin və dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
    Vətən müharibəsi şəhidi Mehtizadə Rüfətin atası, Qulubəyli kənd tam orta məktəbinin müəllimi İsrail Əbilov, Vətən müharibəsi qazisi Tural Məmmədov və Əməkdar müəllim Aybəniz Abbasova çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkəmizin güclənməsindəki roluna, Azərbaycanın əldə etdiyi uğurların qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyinə toxunublar.
    Konfransın sonunda qarşıya qoyulan vəzifələrin ardıcıl və səmərəli icrasının, dövlət qurumları arasında əlaqələndirilmiş fəaliyyətin təmin edilməsinin, əhalinin müraciət və qayğılarına həssas yanaşılmasının vacibliyi qeyd olunub. Bildirilib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi dövlət qurumları, müəssisə və təşkilatlar qarşısında mühüm məsuliyyət qoyur və ölkəmizin davamlı inkişafına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, əhalinin rifahının yüksəldilməsinə xidmət edir.
 
 
 
 
 
Keçidlər