Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə pambıqçılıq sahəsində Özbəkistan təcrübəsi əsasında klasterləşmə formalaşacaq

12 iyul 2024 | 18:51

    İmişli rayonunda yerləşən 5826,0 hektarlıq təsərrüfat sahəsinin Özbəkistan şirkətinin uzunmüddətli istifadəsinə verilməsinə dair müqavilə imzalanıb. İmişli rayonunun Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə İmişli Rayоn İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov, həmçinin hər iki ölkədən olan dövlət qurumlarının nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin əməkdaşları iştirak ediblər. Müqaviləni İmişli Rayоn İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və “TST Textile Group” MMC-nin rəhbəri Rahib İsayev imzalayıblar. Daha sonra “TST Textile Group” MMC-nin icarəsinə verilmiş torpaq sahəsinə baxış keçirilib.
      Sözügedən sahədə “TST Textile Group” MMC tərəfindən pambıq sahəsi salınacaq, bu isə ölkəmizdə sözügedən sahənin inkişafında mühüm rol oynayacaq. İlkin mərhələdə pambıq sahəsinin yaradılmasına 28,7 milyon manat investisiya yatırılacaq. Bundan başqa 2025-2029-cu illər ərzində şirkət tərəfindən pambıq emalı, iplik, toxuculuq və tikiş fabriklərinin, həmçinin pambıq yağı zavodunun qurulması nəzərdə tutulur. Layihə çərçivəsində xammaldan son məhsul istehsalına kimi proseslər həyata keçiriləcək, bu da klasterləşmənin qurulmasına təkan verəcək. Ümumi investisiya həcmi 92,5 milyon manat təşkil edən layihə çərçivəsində 1132 nəfərlik iş yerinin yaradılması planlaşdırılır. Layihənin həyata keçirilməsinə şəxsi vəsaitlə yanaşı, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu tərəfindən də vəsait ayrılması nəzərdə tutulur. Beləliklə layihənin həyata keçirilməsi ölkəmizdə pambıqçılıq sahəsində ilk dəfə olaraq Özbəkistan təcrübəsi əsasında klasterləşmənin formalaşmasına gətirib çıxaracaq.

Keçidlər