İmişlidə pambıqçılıq sahəsində ötən ilin yekunları və yeni mövsümə hazırlıq işlərinə həsr olunmuş tədbir keçirilib
22 fevral 2023 | 10:05
Ötən gün keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, pambıq tədarükü və emalı şirkətlərinin nümayəndələri, fermerlər iştirak ediblər.
Tədbirdə çıxış edən Nazirliyin Aparat rəhbəri Rəfail Quliyev ötən il pambıqçılıq sahəsində yüksək nəticələr əldə edildiyini, sahələrdən 322 min tondan artıq pambıq yığıldığını bildirib. O qeyd edib ki, pambıqçılıqda respublika üzrə orta məhsuldarlıq göstəricisi 30,92 sentnerə çatıb ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 2,42 sentner çoxdur. Aparat rəhbəri pambıqçılığın kənd təsərrüfatının ən əməktutumlu və gəlirli sahələrindən biri olduğunu, dövlətin bu sahənin inkişafına böyük önəm verdiyini deyib. Çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bildirib ki, İmişli rayonu ölkənin aparıcı pambıqçılıq rayonları sırasındadır və dövlət tərəfindən fermerlərə dəstək mexanizmlərinin genişləndirilməsi bu sahəyə fermerlərin marağının daha da artmasına səbəb olur, bu səbəbdən də rayonun pambıqçıları sahələrdən bol məhsul götürürlər. Məhsuldarlığın artırılması üçün ilk növbədə aqrotexniki qulluq qaydalarına düzgün riayət etməyin vacibliyini vurğulayan Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov bu istiqamətdə pambıqçı fermerlərin mütəmadi olaraq təlimlərə cəlb olunduğunu xatırladıb.
Tədbirdə yeni mövsümə hazırlıq işləri, fermerlərlə müqavilələrin bağlanması, səpin ərəfəsində çiyid, gübrə və texnika təminatı məsələləri geniş müzakirə olunub, fermerlərin sualları cavablandırıb.