İmişlidə pambıqçılığa dair regional müşavirə keçirilib
08 sentyabr 2022 | 18:36
Pambıq yığımı ərəfəsində sahələrdə son becərmə işləri aparılır. Fermerlər pambığın mexanikləşdirilmiş qaydada yığımını həyata keçirmək üçün əkin sahələrində defolyasiya tədbirləri həyata keçirməyə hazırlaşırlar. Vegetasiya prosesinin sonunda bitkinin yarpaqlarını tökməsi və gövdənin qurudulması üçün defoliantlar vurulacaq, tam quruma prosesi başa çatdıqdan sonra isə kombaynlar vasitəsilə kütləvi yığıma start veriləcək.
Kənd Təsərrüfatı Nazirliyi məhsul yığımı ərəfəsində görülən işləri dəyərləndirmək məqsədilə pambıqçılıq rayonlarında regional müşavirələr keçirir. Sabirabad rayonundan sonra “Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq” mövzusunda növbəti regional müşavirə İmişli rayonunda baş tutub. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumların məsul şəxsləri, İmişli rayon icra hakimiyyətinin rəhbərliyi, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri, İmişli, Beyləqan, Füzuli və Zərdab rayonlarından olan 250-dən artıq pambıqçı fermer iştirak ediblər. Müşavirədə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bildirib ki, pambıqçılıq əməktutumluluq və gəlirlilik baxımından kənd təsərrüfatının aparıcı sahələrindən biridir. Pambıqçılığın inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirilir, dəstək mexanizmləri genişləndirilir. Fermerlər hər il pambıq becərməyə daha çox maraq göstərirlər. İmişli rayonu ölkənin aparıcı pambıqçılıq rayonları sırasındadır, bu il də rayonun pambıqçıları sahələrdən bol məhsul götürməyə hazırlaşır. Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rəfail Quliyev iştirakçılara 2022-ci il pambıq mövsümü ərzində görülmüş işlər, məhsul yığımına hazırlıq işləri barədə geniş məlumat verib. Bildirilib ki, məhsul istehsalçılarının və sahə mütəxəssislərinin maarifləndirilməsi məqsədilə pambıq bitkisinin becərilməsinə dair təlim mövzuları müəyyənləşib. Aprel-avqust aylarında Aqrar Xidmətlər Agentliyinin Təlim Mərkəzi tərəfindən pambıqla bağlı 8 mövzu üzrə 582 nəfər fermerin iştirakı ilə 42, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu tərəfindən isə 9 mövzu üzrə 345 nəfər fermerin iştirakı ilə 15 təlim keçirilib.
Pambıq yığımı prosesinə hazırlıq işləri barədə məlumat verən Rəfail Quliyev qeyd edib ki, ölkədə pambığın mexanikləşdirilmiş üsulla yığılması üçün texnika sayı tələbatdan çoxdur. Normativ məlumatlara əsasən, 100 min ha pambıq sahəsinin məhsulunun vaxtında maşınlarla yığılması və məhsulun tədarükü və daşınması üçün 350 ədəd pambıqyığan kombayn və 1050 ədəd traktor yedəyi tələb olunur. Aidiyyəti qurumlardan alınmış məlumatlara əsasən hazırda Respublikamızda pambıq yığımında istifadə olunan pambıqyığan kombaynların sayı 447 ədəd və traktor yedəyinin sayı isə 3085 ədəddir. Bu rəqəmlər əvvəlki illərdə olduğu kimi, bu il də pambığın texnika vasitəsilə yığımında heç bir çətinlik olmayacağını göstərir. Artıq pambıqçılıq rayonlarının texnikaya olan tələbatı müəyyən olunub, texnikanın tələbata uyğun dislokasiyası həyata keçirilib. Nazirliyin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, P-Agro MMC-nin direktoru Azər Əlizadə, “Azərpambıq ASK” MMC-nin təşkilat şöbəsinin müdiri İlham Quliyev, fermerlər Əlizamin Poladov və Fəxrəddin Əyyubov müşavirədə çıxış edərək, 2022-ci ildə məhsul yığımı pambıqçılıqda istehsal prosesinə hazırlıq, dərman və texnika təminatı barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, 2022-ci il mövsümündə səpinlə birlikdə və vegetasiya dövründə pambıq sahələrinə ümumilikdə fiziki çəkidə 29.9 min ton mineral gübrə verilib. Əkin zamanı 3184 ton toxumdan istifadə edilib ki, bunun 2829 tonu lifsiz, 355 tonu lifli toxumdur. Ümumilikdə fermerlər məhsul yığımı ərəfəsində ciddi bir çətinliklə üzləşməyiblər.
Müzakirələrdə texnika, gübrə, toxum, dərman və su təminatı, subsidiyaların verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.