İmişlidə onkoloji müayinələr keçirilib
Ötən gün “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Milli Onkologiya Mərkəzi (MOM) və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) tərəfindən birgə həyata keçirilən onkoloji müayinə aksiyası İmişli rayonunun Qızılkənd kəndində baş tutub. Müayinə müasir tibbi-texniki avadanlıq və vasitələrlə təchiz olunmuş Səyyar Diaqnostik Kompleksdə təşkil olunub.
Şişönü və şiş xəstəliklərinin erkən aşkarlanması, vaxtında dəqiq müayinə və müalicəsinin aparılması məqsədilə keçirilən aksiyadan, ümumilikdə 100-dən çox kənd sakini yararlanıb. Milli Onkologiya Mərkəzinin peşəkar həkim heyəti tərəfindən ultrasəs, rentgen, ginekoloji, mamoqrafiya, baş-boyun sahələri üzrə aparılan profilaktik onkoloji müayinələrin nəticələrindən asılı olaraq xəstəlik riski olanlar tam müayinələrdən keçmək və müalicə almaq üçün Mərkəzə dəvət edilib, digər patologiya aşkar edilən xəstələr isə müvafiq profilli xəstəxanalara yönləndiriliblər. Aksiya zamanı RİİB könüllüləri vətəndaşların müayinələrə cəlb edilməsi və digər təşkilati işlərə dəstək olublar.