İmişlidə növbəti iməclik işləri aparılıb
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İmişli-Kürdəmir dolama yolunda iməclik təşkil olunub. İməclik ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi və ərazinin gözəlləşməsi məqsədilə həyata keçirilib. İməclikdə rayonun Kommunal Müəssisələr Kombinatının ərazilərə dislokasiya olunan işçiləri ilə yanaşı İmişli Regional Asan Xidmət Mərkəzinin könüllüləri də iştirak ediblər. İməclik zamanı ərazilər və yol kənarları tullantılardan təmizlənib, zibilliklər ləğv edilib, küləyin təsiri ilə ərazilərə səpələnən müxtəlif məişət tullantıları toplanaraq ərazidən uzaqlaşdırılıb.
Qeyd edək ki, İmişli rayonunda mütəmadi olaraq iməclik işləri aparılır. Lakin görülən işlərə baxmayaraq yol kənarlarına yenə də tullantılar atılır, yaşayış məntəqələrinin ətrafında kütləvi zibilliklər yaranır. Ona görə də rayonumuzun sakinlərini və qonaqlarını bir daha təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağırırıq.