İmişlidə “Narkotik asılılığı problemində ailələrin rolu və valideyn məsuliyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib
Bu gün İmişli şəhəri A.Eminov adına 7 saylı tam orta məktəbində “Narkotik asılılığı problemində ailələrin rolu və valideyn məsuliyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi qrupunun məsul əməkdaşı, hüquq elmləri üzrə fəlsəfə doktoru Vasif Quliyev, İmişli Şəhər Təhsil Sektorunun əməkdaşları, rayonun təhsil müəssisələrinin nümayəndələri və valideynlər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, valideynlərin övladları ilə sağlam ünsiyyət qurması, onların davranışlarına və sosial çevrəsinə diqqətlə yanaşması, eləcə də asudə vaxtlarının səmərəli təşkili uşaqların zərərli vərdişlərdən uzaq böyüməsində mühüm rol oynayır. Bildirilib ki, ailədaxili nəzarət, mənəvi dəstək və düzgün tərbiyə gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsində əsas amillərdəndir.
Tədbirdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə fəaliyyət göstərən “802” çağrı xidmətinin əhəmiyyəti barədə də məlumat verilib. İştirakçılara, xüsusilə gənclərə zərərli vərdişlərdən uzaq durmaq, sağlam və təhlükəsiz həyat tərzi seçmək tövsiyə olunub.
Sonda İmişli regional “ASAN xidmət” mərkəzinin könüllüləri tərəfindən tədbir iştirakçılarına maarifləndirici bukletlər paylanılıb.






