Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Narkomaniya və Erkən Nikaha qarşı növbəti maarifləndirici tədbir keçirilib

07 oktyabr 2025 | 14:56
   İmişli Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində “Narkomaniya, erkən nikah və zərərli vərdişlər” mövzusunda mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.
   Tədbirlərdə iştirakçılar narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlər, həmçinin bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə ətraflı məlumatlandırılır. Yeniyetmə və gənclərə yüksək təhsil almaları, müasir informasiya texnologiyalarından istifadə bacarığı qazanmaqları, idmanla məşğul olmaları, milli-mənəvi dəyərlərə sədaqət ruhunda böyümələri, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmaları və cəmiyyətdə sağlam fərd kimi yetişmələri tövsiyə olunur.
    Növbəti belə tədbir oktyabrın 7-də İmişli rayonunun Yalavac kənd tam orta məktəbində keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və Rayon Təhsil Sektorunun məsul işçiləri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
    Çıxış edənlər qeyd ediblər ki, narkomaniya insan sağlamlığına və cəmiyyətin gələcəyinə ciddi ziyan vurur. Onlar vurğulayıblar ki, bu bəlanın qarşısının alınmasında maarifləndirmə, sağlam həyat tərzinin təşviqi və ailə və məktəb tərəfindən birgə fəaliyyət böyük əhəmiyyət kəsb edir. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ əlaqə təmin edən “802” çağrı xidmətinin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Çıxışlarda gənclərə pis vərdişlərdən və ətraflarında “ağ ölüm”ə düçar olan şəxslərdən uzaq durmaları tövsiyə olunub. Bildirilib ki, erkən nikah gənclərin təhsil və şəxsi inkişaf imkanlarını məhdudlaşdırır, onların gələcəkdə sosial problemlərlə üzləşməsinə səbəb olur. Həmçinin vurğulanıb ki, zərərli vərdişlər yalnız insan sağlamlığına deyil, həm də ailə və cəmiyyət həyatına mənfi təsir göstərir.
     Tədbir mövzu ətrafında aparılan müzakirələrlə yekunlaşıb.
Keçidlər