İmişlidə Narkomaniya və Erkən Nikaha qarşı maarifləndirici tədbir keçirilib
26 sentyabr 2025 | 19:13
Sentyabrın 26-da İmişli rayonunun 7 saylı tam orta məktəbində narkomaniya və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib. Tədbirdə İmişli Rayon Polis Şöbəsinin Rəisi Azər Tağıyev, İmişli Rayon Prokuroru Valeh Səmədov, İmişli Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradov, İmişli Təhsil Sektorunun müdiri Elşad Uğurluyev və məktəb direktorları iştirak ediblər.
Çıxış edənlər tədbirin narkomaniya və erkən nikah kimi cəmiyyət üçün ciddi əhəmiyyət kəsb edən mövzuların müzakirəsi baxımından böyük önəm daşıdığını bildiriblər. Qeyd olunub ki, narkomaniyanın qarşısının alınmasında maarifləndirmə, sağlam həyat tərzinin təşviqi və ailələr, məktəb kollektivlərinin birgə fəaliyyəti mühüm rol oynayır.
Bildirilib ki, erkən nikah gənclərin təhsil və şəxsi inkişaf imkanlarını məhdudlaşdırır və buna qarşı maarifləndirmə tədbirləri zəruridir. Çıxışlarda həmçinin vurğulanıb ki, belə tədbirlər gənclərin sağlam həyat tərzi seçməsinə, məsuliyyətli qərarlar verməsinə və gələcəkdə vətənpərvər, faydalı vətəndaş olmalarına töhfə verəcəkdir.
Sonda iştirakçıların qaldırdığı suallar cavablandırılıb və onlara ətraflı izahlar verilib.






