İmişlidə Müstəqillik Günü münasibətilə rəsmi tədbir keçirilib
27 may 2025 | 12:54
Mayın 27-də İmişli rayonunun Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Salahlı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev iştirakçıları salamlayaraq, 28 May – Müstəqillik Gününün əhəmiyyətindən bəhs edib. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyətin dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynadığını qeyd edib. Həmçinin müstəqilliyimizin bərpası və qorunması istiqamətində görülən işlərdən danışıb. O, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin bərqərar edildiyini və dövlətçiliyimizin möhkəmləndirildiyini bildirib. Bu siyasətin prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun uğurla davam etdirildiyini vurğulayıb. Digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolundan bəhs ediblər.