Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Milli Qəhrəman Əliyev İmanverdi Barat oğlunun xatirəsi yad edilib

15 noyabr 2025 | 13:59
   İmişlidə Milli Qəhrəman Əliyev İmanverdi Barat oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi təşkil olunub. Bu münasibətlə onun ailə üzvləri, İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, eləcə də rayonun hüquq-mühafizə orqanlarının məsul əməkdaşları İmişli rayon Şəhidlər xiyabanında yerləşən Milli Qəhrəmanın abidəsini ziyarət ediblər. Abidənin önünə tər gül dəstələri qoyularaq onun əziz xatirəsi dərin ehtiramla yad olunub.
   Sonra iştirakçılar şəhidin ailəsinə baş çəkərək onların qayğıları ilə maraqlanıblar. Səmimi söhbət zamanı Vətənimizin müdafiəsi uğrunda sinəsini sipər etmiş, düşmən qarşısında misilsiz cəsarət göstərən igid döyüşçünün həyat yolundan bəhs olunub. Qeyd edilib ki, o, ən çətin anlarda belə geri addım atmayan, ömrünü vətənə sədaqətlə xidmətə həsr etmiş qəhrəmanlarımızdan biridir. Bildirilib ki, onun döyüş meydanında göstərdiyi igidlik, mərdlik və fədakarlıq bu gün də hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu qəhrəmanlıq ömür yolu gənclər üçün vətənpərvərlik nümunəsi olub və xalqımızın yaddaşında əbədi yaşayacaq. Həmçinin qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə bir daha sübut etdi ki, belə igidlərimiz ölkəmizdə böyük bir qəhrəmanlıq məktəbi yaratmışdır. Məhz bu məktəbin davamçıları olaraq Azərbaycan Ordusunun əsgərləri döyüşlərdə tarixi qələbələr qazanaraq bir daha bütün dünyaya ordumuzun gücünü, qüdrətini hiss etdirdi. Bu gün qəhrəmanımızla təkcə ailə üzvlərinin yox, bütün xalqımızın qürur duyduğu və ehtiramla andığı diqqətə çatdırılıb.
     Xatırladaq ki, Əliyev İmanverdi Barat oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adı verilib. Onun adının əbədiləşdirilməsi məqsədilə İmişli şəhərindəki küçələrdən biri, həmçinin rayonun Qulubəyli kənd tam orta məktəbi Milli Qəhrəmanın adını daşıyır.
Keçidlər