Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə məşğulluq imkanlarının genişləndirilməsi mövzusunda dəyirmi masa keçirilib

05 sentyabr 2025 | 17:29
  Sentyabrın 5-də İmişli Rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə İmişli RİH-in inzibati binasında dəyirmi masa keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Mil-Muğan Regional Məşğulluq Filialının müdiri vəzifəsini müvəqqəti icra edən Ruslan Məmmədli, Qarabağ Peşə Hazırlığı Mərkəzinin məsul əməkdaşları və işəgötürənlər iştirak ediblər.
  Giriş nitqi ilə çıxış edən icra başçısı iştirakçıları salamlayaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri məşğulluğun təmin olunması və vətəndaşların sosial rifahının yaxşılaşdırılmasıdır. Bildirib ki, son illərdə bu istiqamətdə aparılan siyasətin nəticəsi olaraq ölkəmizdə yeni iş yerləri yaradılmış, sahibkarlıq fəaliyyəti və iqtisadi fəallıq əhəmiyyətli dərəcədə artmışdır. Vurğulayıb ki, keçirilən bu görüş İmişli rayonunda məşğulluq imkanlarının genişləndirilməsinə, gənclərin peşəkar inkişafına və işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasına zəmin yaradır. Digər çıxış edənlər qeyd ediblər ki, dövlət tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatlar məşğulluq imkanlarının artırılmasına, gənclərin peşə hazırlığının gücləndirilməsinə və işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasına mühüm dəstək göstərir, əməkdaşlıq imkanlarını genişləndirir.
  Tədbirdə iştirak edən işəgötürənlər Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri barədə məlumatlandırılıblar. Onlar tərəfindən əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi, peşə kursları və əmək yarmarkaları ilə bağlı ünvanlanan suallar Agentliyin nümayəndələri tərəfindən cavablandırılıb. Eyni zamanda işəgötürənlər Qarabağ Peşə Hazırlığı Mərkəzinin nümayəndələri tərəfindən peşə hazırlığı istiqamətində də məlumat alıblar.
   Qeyd edək ki, görüşün keçirilməsində əsas məqsəd Mil-Muğan regionunda Agentliyin fəaliyyət istiqamətləri barədə işəgötürənlərin məlumatlandırılması, məşğulluq problemlərinin həlli, savadlı və peşəkar gənclərin ixtisas yönümlü karyerasının dəstəklənməsi, işsiz və işaxtaran şəxslər üçün uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir.
Keçidlər