Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə meşə və əkin sahələrində yanğın risklərinə qarşı regional müşavirə keçirilib

15 may 2026 | 16:42

          Mayın 15-də meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınların qarşısının alınması, qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması və bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə İmişli rayonunun Heydər Əliyev Mərkəzində regional müşavirə keçirilib.
       Tədbirdə Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ədliyyə Nazirliyi, Baş Prokurorluq, “Azərenerji” ASC, “Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyi, həmçinin İmişli Rayon İcra Hakimiyyəti də daxil olmaqla ümumilikdə 14 rayonu əhatə edən yerli icra hakimiyyəti orqanlarının və aidiyyəti qurumların nümayəndələri, eləcə də fermerlər və sahibkarlar iştirak ediblər. Görüş zamanı yanğın təhlükəsizliyi sahəsində hazırlanmış birgə fəaliyyət planı barədə ətraflı məlumat verilib.
         Giriş nitqi ilə çıxış edən icra başçısı iştirakçıları salamlayaraq bildirib ki, meşələr və yaşıllıq ərazilər Azərbaycanın ən qiymətli təbii sərvətlərindən biri olmaqla ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır. O, qeyd edib ki, xüsusilə yay mövsümündə baş verən yanğınların əsas səbəbi insanların yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsidir.
      Daha sonra, icra başçısı kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşəətrafı kənd sakinlərinin, eləcə də heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmalarını və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrinin vacibliyini vurğulamışdır. O, həmçinin qeyd edib ki, meşələrin qorunması hər bir vətəndaşın borcudur və bu təbii sərvətin gələcək nəsillərə sağlam şəkildə çatdırılması üçün hər kəs məsuliyyətli davranmalıdır.
         Digər çıxış edənlər də mövzu ilə bağlı fikirlərini bildirərək yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyini vurğulayıblar.
         Sonda iştirakçılara öz fikir və təkliflərini bildirmələri üçün söz verilmiş, eyni zamanda onları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər