İmişlidə “Memarlıq və Şəhərsalma ili” çərçivəsində tədbir keçirilib
Mayın 1-də İmişli rayonunda “Memarlıq və Şəhərsalma ili” çərçivəsində “Qurulan şəhərlər, qurulan gələcək” adlı tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, İmişli Mədəniyyət Mərkəzinin məsul əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq iştirakçılar məktəblilərin və İmişli Mədəniyyət Mərkəzinin əməkdaşlarının əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Sərgidə nümayiş olunan rəsm əsərlərində memarlıq və şəhərsalma mövzusuna yaradıcı yanaşma, estetik baxış və milli-mədəni dəyərlər öz əksini tapıb. Bir-birindən maraqlı və rəngarəng əl işləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbir zamanı çıxış edənlər Prezident cənab İlham Əliyevin “Memarlıq və Şəhərsalma ili” ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyətindən, bu ilin ölkəmizdə memarlıq ənənələrinin, şəhərsalma mədəniyyətinin və müasir inkişaf strategiyasının təşviqi baxımından xüsusi önəm daşıdığından bəhs edərək, bu təşəbbüsün gənc nəslin sahəyə marağının artırılması, estetik dünyagörüşünün formalaşdırılması və milli-mədəni dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Tədbir məktəblilərin ifasında səsləndirilən vətənpərvərlik ruhlu musiqi nömrələri ilə davam etdirilib.






