Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində 08.07.2026-cı il tarixdə tədbir keçirilib

08 iyul 2026 | 19:20
   İyulun 8-də İmişli Rayon İcra Hakimiyyəti və İmişli regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Memarlıq və şəhərsalma İli” çərçivəsində rəsm sərgisi və “ASAN park” ərazisində abadlıq aksiyası keçirilib.
   İmişli Regional “ASAN xidmət” mərkəzində könüllülərin əl işlərindən ibarət sərgidə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Regional “ASAN xidmət” mərkəzinin direktoru Elvin Məmmədov, Rayon İcra Hakimiyyətinin və “ASAN xidmət” mərkəzinin əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
   Sərgidə könüllülərin hazırladığı, “Memarlıq və şəhərsalma İli”nə həsr olunmuş əl işləri, həmçinin yaşıllığın qorunması, ekoloji məsuliyyət, müasir şəhər mühiti və digər mövzuları əks etdirən rəsm əsərləri nümayiş olunub. İştirakçılar təqdim olunan əsərlərlə yaxından tanış olaraq könüllülərin yaradıcılıq bacarıqlarını və əl əməyini yüksək qiymətləndiriblər.
   Sərginin sonunda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib, aksiyanın təşkilində və keçirilməsində fəal iştirak edən bir qrup şəxsə təşəkkürnamələr təqdim olunub.
   Daha sonra aksiya çərçivəsində İmişli Regional “ASAN xidmət” mərkəzinin istirahət parkında ətraf mühitin təmizliyinin qorunması və yaşıllıq sahələrinin mühafizəsinə yönəlmiş abadlıq aksiyası keçirilib. Aksiya zamanı əraziyə səpələnmiş müxtəlif məişət tullantıları, qurumuş ağac qalıqları və yarpaqlar toplanaraq xüsusi texnika vasitəsilə ərazidən uzaqlaşdırılıb, eyni zamanda xüsusi avadanlıqlar vasitəsilə alaq otları təmizlənib.
     Aksiyanın əsas məqsədi rayon ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirklənməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı maarifləndirilməsi, ekoloji məsuliyyətin artırılması və ətraf mühitin yaxşılaşdırılmasında ictimaiyyətin rolunun gücləndirilməsidir.
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər