Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə məişət zorakılığının qarşısının alınması mövzusunda regional təlim keçirilib

24 iyun 2026 | 19:28
     İyunun 24-də İmişli rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə növbəti maarifləndirmə təlimi baş tutub. Tədbirdə İmişli, Ağcabədi, Beyləqan, Bərdə, Saatlı və Sabirabad rayon icra hakimiyyətlərində yaradılmış "Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları"nın üzvləri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova monitorinq qruplarının fəaliyyət prinsiplərinə toxunub. O bildirib ki, yerli icra hakimiyyətlərində fəaliyyət göstərən bu qruplar öz işlərində mütləq “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutmalıdırlar. Sədr müavini zorakılıq qurbanlarına çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsi və zəruri hallarda qurbanların sığınacaqlara yerləşdirilməsi istiqamətində addımların gücləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, məsul şəxslərin qanunvericiliyə edilən son dəyişikliklərlə yaxından tanış olması bu sahədəki mübarizənin effektivliyini xeyli artıracaq.
    Çıxış edən, İmişli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Rüfət Muradov məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
    Daha sonra Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun müdiri Vəfa Ələkbərova çıxış edərək, Dövlət Komitəsinə daxil olan cavab məktublarının təhlili barədə məlumat verib. Sektor müdiri iş prosesində xidməti fəaliyyətlə bağlı rast gəlinən nöqsanların aradan qaldırılması və gələcəkdə zəruri tədbirlərin görülməsi üçün öz tövsiyələrini diqqətə çatdırıb.
     Təlim proqramı çərçivəsində eyni sektorun əməkdaşı İradə Məmmədova geniş təqdimatla çıxış edib. O, monitorinq və əlaqələndirmə qruplarının hüquqi müstəvidə görməli olduğu işləri xatırladıb və “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna edilən yeni düzəlişlərin mahiyyətini izah edib.
     İnteraktiv formada davam edən görüşdə monitorinq qrupları sədrlərinin çıxışları dinlənilib, mövzu ətrafında geniş fikir mübadiləsi və sual-cavab sessiyası keçirilib.
    Tədbirin sonunda iştirakçılara regional işdə istifadə olunması üçün “Məişət zorakılığı qurbanlarının hüquqları” adlı maarifləndirici bukletlər paylanılıb.
Keçidlər