Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə lokal antiterror əməliyyatları zamanı yaralanan qazi ilə görüş keçirilib

07 noyabr 2023 | 10:10
  Ötən gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, icra aparatının məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri sentyabrın 19-da lokal antiterror əməliyyatları zamanı yaralanan rayonun Çaxırlı kənd sakini, gizir Mehdiyev Orxan Vidadi oğlunu evində ziyarət ediblər. Ziyarət zamanı qazimizin səhhəti və qayğıları ilə maraqlanılıb, yaralımıza Allahdan şəfa dilənilib. İcra başçısı qazanılan tarixi qələbə münasibətilə qazini təbrik edib. Qeyd edib ki, Ordumuz lokal xarakterli antiterror əməliyyatları ilə bağlı qarşılarında duran bütün vəzifələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi və şücaətli oğullarımızın qəhrəmanlığı nəticəsində cəmi bir gündən də qısa vaxt ərzində yerinə yetirdilər. Azərbaycan əsgəri daha bir şanlı tarix yazaraq Qarabağda suverenliyimizi tam bərpa etdi. Öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanların, həmçinin onların ailələrinin daim diqqətdə saxlanıldığını diqqətə çatdırıb. Səmimi söhbət zamanı qazi keçdiyi şərəfli döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüb. Yaralı hərbiçimizin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
  Qeyd edək ki, Orxan Mehdiyev Vətən müharibəsi zamanı gedən döyüşlərdə də xüsusi qəhrəmanlıqlar göstərib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Keçidlər