İmişlidə "Konstitusiya və Suverenlik İli" çərçivəsində rəsm sərgisi keçirilib
10 fevral 2025 | 16:55
İmişli Rayon İcra Hakimiyyətinin və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə fevralın 10-da ''Konstitusiya və Suverenlik İli '' çərçivəsində rəsm sərgisi keçirilib. Sərgidə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin əməkdaşları və rayon ictimaiyyəti iştirak ediblər.
Sərgiyə baxış zamanı çıxış edən icra başçısı sərginin əhəmiyyətindən danışaraq bildirib ki, prezident cənab İlham Əliyevin bununla bağlı imzaladığı Sərəncamda da qeyd olunduğu kimi müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu anti-terror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi bütöv və suveren Azərbaycanda bərqərar oldu. Çəkilmiş rəsm əsərləri və əl işləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda sərginin keçirilməsində zəhməti olan hər kəsə minnətdarlıq edilib.

