İmişlidə ‘Konstitusiya və Suverenlik İli’ çərçivəsində ətraf mühitin qorunmasına yönələn iməcilik aksiyası keçirilib
26 sentyabr 2025 | 18:34
Sentyabrın 26-da İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü ilə İmişli rayonunun müxtəlif ərazilərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində iməcilik aksiyası həyata keçirilib. Aksiyada rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, həmçinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin ərazilərə dislokasiya olunan işçiləri iştirak ediblər.
İməcilik zamanı ərazi və yol kənarları tullantılardan təmizlənib, zibilliklər ləğv edilib, eyni zamanda digər abadlıq işləri görülüb. Bununla yanaşı, küləyin təsiri ilə ətrafa səpələnmiş müxtəlif məişət tullantıları yığılaraq xüsusi texnika vasitəsiləri ilə ərazidən uzaqlaşdırılıb. Tədbirin keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirklənməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı maarifləndirilməsi, insanların ətraf mühitin mühafizəsinə münasibətinin müsbət istiqamətdə dəyişdirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunun artırılmasıdır.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün onun layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə ətraf mühitin qorunması, ekoloji tarazlığın təmin olunması və davamlı inkişaf prinsiplərinə əsaslanan genişmiqyaslı tədbirlər həyata keçirilir.
Xatırladaq ki, il ərzində İmişli rayonunda abadlıq və ekoloji tədbirlərlə bağlı iməciliklər davam etdiriləcək.






