İmişlidə kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı maarifləndirici tədbir keçirilib
08 iyul 2025 | 12:30
İyulun 7-də İmişli Rayon İcra Hakimiyyətinin və rayon Statistika İdarəsinin birgə təşkilatçılığı ilə kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi sayıcıları qarşıda duran vəzifələr barədə ətraflı məlumatlandırmaq, onların praktiki hazırlığını artırmaq və siyahıyaalma prosesinin düzgün və keyfiyyətli həyata keçirilməsini təmin etmək olub.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, rayon Statistika İdarəsinin müavini Yaşar Hüseynov, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul işçiləri, nəzarətçilər və sayıcılar iştirak ediblər.
Tədbir zamanı çıxış edən rəsmi şəxslər siyahıyaalmanın əhəmiyyətindən danışıb, bu prosesin kənd təsərrüfatı sahəsində dəqiq statistik məlumatların əldə olunması baxımından xüsusi önəm daşıdığını qeyd ediblər. Bildirilib ki, siyahıyaalma iyulun 15-dən avqustun 15-dək keçiriləcəkdir. Təlim zamanı sayıcılara videoçarx vasitəsilə zəruri məlumatlar təqdim edilib, iş prinsipi, planşetlərlə işləmə qaydası və gündəlik fəaliyyət planı izah olunub. Eyni zamanda, qarşıya çıxa biləcək texniki və praktiki çətinliklərlə bağlı izahlı tövsiyələr verilib. Qeyd edilib ki, siyahıyaalma ölkədə ilk dəfə planşetlər vasitəsilə həyata keçiriləcək və bu yenilik prosesin daha sürətli, dəqiq və şəffaf aparılmasına imkan yaradacaq.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






