İmişlidə kənd təsərrüfatı statistikasının aparılması ilə bağlı görüş keçirilib
09 oktyabr 2026 | 17:34
Oktyabrın 7-də İmişli Rayon İcra Hakimiyyətinin akt zalında kənd təsərrüfatına dair statistik məlumatların müəyyən edilmiş müddətlərdə toplanmasının təmin edilməsi ilə bağlı kənd inzibati-ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları və İmişli Rayon Statistika İdarəsinin məsul işçilərinin iştirakı ilə görüş keçirilib.
Görüş zamanı Dövlət Statistika Komitəsinin müşahidə üçün müəyyən etdiyi ev təsərrüfatları üzrə sorğuların aparılması, əldə olunan məlumatların düzgün və tam şəkildə rəsmiləşdirilməsi, həmçinin kənd təsərrüfatı statistikasına aid 3-a-kt və 7-a-kt nömrəli aylıq, 4-a-kt və 29-a-kt nömrəli illik seçmə statistika müşahidəsi formalarının müəyyən edilmiş müddətlərdə doldurulması və Komitənin elektron informasiya sisteminə birbaşa daxil edilməsi məsələləri müzakirə olunub.
Qeyd olunub ki, kənd təsərrüfatı üzrə statistik məlumatların dəqiq və etibarlı şəkildə formalaşdırılması düzgün qərarların qəbul edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, ev təsərrüfatları üzrə sorğuların düzgün aparılması, müvafiq formaların tam və vaxtında doldurulması, habelə elektron informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyinin təmin edilməsi vacibdir.
Görüşdə çıxış edən İmişli Rayon Statistika İdarəsinin rəis müavini Yaşar Hüseynov və baş məsləhətçisi Sərdar Ələkbərov məlumatların birbaşa təsərrüfat səviyyəsində dəqiqləşdirilməsinin və elektron informasiya sisteminə vaxtında daxil edilməsinin kənd təsərrüfatı üzrə statistik göstəricilərin dəqiq formalaşdırılmasında mühüm rol oynadığını bildiriblər.
Görüşün yekununda inzibati-ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşlarına 3-a-kt, 7-a-kt, 4-a-kt və 29-a-kt nömrəli seçmə statistika müşahidəsi formaları barədə ətraflı məlumat verilib. Müvafiq formaların sorğu əsasında tam və düzgün doldurulması, məlumatların müəyyən edilmiş müddətlərdə elektron informasiya sisteminə daxil edilməsi və bu istiqamətdə işlərin mütəmadi nəzarətdə saxlanılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib. Görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






