İmişlidə iş yerlərində fiziki aktivliyin təmin edilməsi mövzusunda tədbirlər keçirilib
İmişli Rayon İcra Hakimiyyəti tərəfindən rayon ürzə Gənclər və İdman sektoru, həmçinin rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxslə birgə rayonun idarə, müəssisə və təşkilatlarında gündəlik fiziki aktivlik proqramlarının keçirilməsi təşviq edilir. “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”nın 9.2.1-ci bəndinin icrası çərçivəsində həyata keçirilən tədbirlərin məqsədi iş yerləri üçün fiziki aktivlik proqramlarını, işçilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir. İmişli rayonunda fəaliyyət göstərən idarə və müəssisələrdə fiziki aktivliyin əhəmiyyəti haqqında mütəmadi olaraq tədbirlər keçirilir, idarə və müəssisələrin rəhbərliyi tərəfindən iş saatları arası idman hərəkətlərindən istifadəyə geniş yer verilməsi, “Fiziki aktivlik”, “Sağlam qidalanma” və "Gigiyena qaydaları" mövzularında dəyirmi masalar təşkil edilir. Növbəti belə tədbirlər İmişli rayonunun Heydər Əliyev Mərkəzində, Mərkəzi Kitabxanada və Şahmat Məktəbində baş tutub. Tədbirdə diqqətə çatdırılıb ki, həyat tərzi insanın şəxsi təcrübəsinə, adət-ənənələrə, cəmiyyətdə normalara əsaslanan davranış sistemidir. Sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillərin, xüsusilə gündəlik iş rejiminin, səmərəli qidalanmanın, idmanla məşğul olmağın, xoş və qarşılıqlı ünsiyyətin böyük təsiri var. Sağlam həyat tərzinin formalaşmasında önəmli rol oynayan amillər rəqəmsal mediada, o cümlədən sosial şəbəkələrdə istifadəçilər tərəfindən geniş təbliğ olunmalıdır. İş yerlərində fiziki aktivlik mövzusuna daha həssas yanaşmanın və sağlam həyat tərzinə üstünlük verməyin görülən işlərin daha da məsuldar olmasına gətirib çıxardığı diqqətə çatdırılıb.