Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə ipəkçilik, baramaçılıq və müasir suvarma texnologiyalarının inkişafına həsr olunmuş görüş keçirilib

07 may 2026 | 17:19

             İmişli rayonunda ipəkçilik məhsulları istehsalının genişləndirilməsi, barama istehsalı və emalı sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi, eləcə də müasir suvarma texnologiyalarından istifadənin genişləndirilməsi məsələlərinə həsr olunmuş görüş keçirilib.
          Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM), aidiyyəti dövlət qurumlarının nümayəndələri, fermerlər, iri sahibkarlar və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər şəxslər iştirak ediblər.
         Görüşdə çıxış edənlər ölkədə aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən, kənd təsərrüfatının müxtəlif sahələrinə göstərilən dəstək tədbirlərindən və mövcud perspektivlərdən bəhs ediblər. Bildirilib ki, ipəkçilik və baramaçılıq ənənələrinin bərpası və inkişaf etdirilməsi kənd yerlərində məşğulluğun artırılması, əhalinin gəlirlərinin yüksəldilməsi və ixrac potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
         Qeyd olunub ki, İmişli rayonunda ipəkçilik məhsulları istehsalının genişləndirilməsinin dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, 2025–2026-cı illər ərzində rayon ərazisində fermerlərə məxsus torpaq sahələrində ümumilikdə 3 000 ədəd tut tingi əkilmişdir. Aparılmış monitorinqlərin nəticələrinə əsasən müəyyən edilmişdir ki, hazırda rayon ərazisində ümumilikdə 20 000 ədəd tut tingi mövcuddur. Bu isə baramaçılığın inkişafı üçün yem bazasının möhkəmləndirilməsi və istehsal potensialının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
           Müzakirələr zamanı ipəkçilik məhsulları istehsalının artırılması üçün mövcud imkanlar, barama istehsalı və emalı sahəsində infrastrukturun təkmilləşdirilməsi, yeni emal müəssisələrinin yaradılması və bu sahəyə yerli və xarici investorların cəlb olunması istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
        Tədbirdə həmçinin kənd təsərrüfatında su resurslarından səmərəli istifadənin əhəmiyyəti vurğulanıb, damcı və yağmurlama suvarma sistemləri kimi müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, fermerlərin bu sahədə məlumatlandırılması və dövlət dəstəyi mexanizmlərindən istifadənin artırılması məsələləri diqqətə çatdırılıb.
            Fermer və sahibkarlar tərəfindən səsləndirilən təklif və problemlər dinlənilib, onların həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görüləcəyi bildirilib.
         Sonda qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın daha da gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması məqsədilə birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Keçidlər