İmişlidə “İki iyirmi üç arasında” verbatim tamaşa nümayiş etdirilib
11 dekabr 2023 | 17:46
Ötən gün İmişli rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar İmişli rayon Mədəniyyət Mərkəzində Lənkəran Dövlət Dram teatrının kollektivinin ifasında şair və publisist, Yazıçılar birliyinin üzvü, Əməkdar Mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin Ulu Öndər Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilə qədər olan həyat və fəaliyyətindən, onun Azərbaycan xalqının ictimai-siyasi, sosial-kulturoloji həyatındakı rolundan, millətimizin özünüdərk prosesi yolundakı fəaliyyətindən bəhs edən “İki iyirmi üç arasında” əsərinin tamaşası səhnələşdirilib. Tədbiri giriş sözü ilə açan səhnə əsərinin prodüseri İntiqam Hacılı bildirib ki, sənədli teatr-verbatim janrında tamaşa Azərbaycan teatrı tarixində ilk dəfədir. Verbatim-tamaşanın məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin zəngin fəaliyyətini tamaşaçılara və yeni nəslə çatdırmaq, müasir Azərbaycanın qurucusu kimi xalqımızın tarixində oynadığı rolunu bir daha nümayiş etdirməkdir. Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi ölçüyəgəlməz işlər barədə ətraflı məlumat veriblər. Həmçinin Ulu Öndərin siyasətinin dərin milli mənafelər üzərində qurularaq bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı və dayanıqlı inkişafına xidmət etdiyi diqqətə çatdırılıb.
Sonra rolları xalq artisti Qabil Quliyev, əməkdar artistlər Sucəddin Mirzəyev, Zemfira Nəcəfova və digər aktyorların ifa etdiyi verbatim-tamaşa nümayiş olunub. Tamaşa iştirakçılar tərəfindən maraqla qarşılanıb.