İmişlidə I qrup əlil funksional əlil arabası ilə təmin edilib
25 avqust 2025 | 16:13
Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların müraciətlərinə həssas yanaşılması və gündəlik həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində növbəti belə dəstək İmişli rayonunda göstərilib. Belə ki, Boşçalılar kənd sakini, I qrup əlil Aslanov Sevindik Ramiz oğlunun müraciəti əsasında İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin təşəbbüsü və nəzarəti ilə onun ehtiyacları araşdırılıb, nəticədə o, müasir tipli, gündəlik hərəkətini asanlaşdıran funksional əlil arabası ilə təmin edilib. Bu addım onun sosial inteqrasiyasına və cəmiyyətə daha aktiv qoşulmasına dəstək məqsədi daşıyır. Sevindik Aslanov və ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, ölkədə həyata keçirilən humanist sosial siyasətə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Qeyd edək ki, bu kimi sosial yönümlü tədbirlər İmişlidə mütəmadi olaraq həyata keçirilir və gələcəkdə də bu kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi istiqamətində işlər ardıcıl şəkildə davam etdiriləcək.






