İmişlidə “Hüquqlarımızı bilək və qoruyaq” adlı tədbir baş tutub
Ötən gün İmişli Rayon İcra Hakimiyyətinin akt zalında “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edən RİH-nin Hüquq şöbəsinin müdiri Rahim Zaidov bildirib ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bunu nəzərə alaraq Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd edilir. Tədbirdə insan hüquqları və qanuni mənafelərinin qorunması istiqamətində dövlət səviyyəsində görülmüş məqsədyönlü işlərə toxunulub. Mövzu ətrafında ətraflı diskussiyalar aparılıb.