İmişlidə fiziki məhdudiyyətli uşaqlar üçün “Zəfər dolu yeni il” adlı bayram şənliyi keçirilib
29 dekabr 2023 | 16:53
Dekabrın 29-da İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi tərəfindən İmişli rayonunda fiziki məhdudiyyətli əlilliyi olan uşaqlar üçün “Zəfər dolu yeni il” adlı bayram şənliyi keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları, “Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyinin nümayəndələri, fiziki məhdudiyyətli uşaqlar və onların ailə üzvləri iştirak ediblər.
Tədbir başlamamışdan öncə dövlət himnimiz səsləndirilib, şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik ediblər. Qeyd olunub ki, ölkəmizdə fiziki məhdudiyyətli insanlar daim diqqət mərkəzindədir. Hələ ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyev bu şəxslərlə bağlı dövlət siyasətini müəyyənləşdirib. Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi ilk günlərdən Azərbaycanda əlillərin sosial müdafiəsi ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi də bunun əyani sübutu olduğu diqqətə çatdırılıb. Bildirilib ki, məhz Ulu öndərin təməlini qoyduğu sosial siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra bayram tədbirini musiqi proqramı müşayiət edib, uşaqlar tədbir boyu oxuyub, rəqs ediblər. Sonda bayram şənliyində oyun və şou proqramlarla yanaşı uşaqlara yeni il hədiyyələri təqdim edilib.