İmişlidə FHN-nin Muğan Regional Mərkəzi tərəfindən metodiki toplanış keçirilib
08 dekabr 2022 | 10:04
Ötən gün İmişli rayonunda Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən “İmişli rayonunda mülki müdafiənin vəziyyəti, 2022-ci ilin yekunu və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış keçirilib. Toplanışda rayon tabeli obyektlərin və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilat və digər aidiyyəti qurum rəhbərləri tərəfindən mülki müdafiənin təşkili ilə bağlı problemlərin həlli istiqamətində həyata keçirilmiş və nəzərdə tutulmuş işlər barədə məlumat verilib.
Çıxış edənlər fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, təşkili və mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin faydasından bəhs ediblər. İmişli rayonunda təşkil olunan metodiki toplanışın əhəmiyyətindən danışaraq qeyd olunub ki, rayon ərazisində olan qüvvələrin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də əhalinin maarifləndirilməsi, xəbərdarlıq, mühafizə vasitələri ilə təminatı, köçürülməsi və digər bu kimi mülki müdafiə tədbirləri daim diqqət mərkəzində olmalıdır. Eyni zamanda bildirilib ki, mülki müdafiənin təmin edilməsi üzrə nazirliklə yanaşı, rayonun bütün idarə, müəssisə və təşkilatları, mülki müdafiə dəstələri, qərargahlar və mülki müdafiə sahəsinə cavabdeh şəxslərin üzərlərinə böyük məsuliyyət düşdüyündən təhlükə yaranan zaman birgə fəaliyyətin təşkilinə nail olunmalıdır.