İmişlidə ətraf mühitin mühafizəsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Prezidentin müvafiq Sərəncamına əsasən, İmişli Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanaraq icrasına başlanılıb. Bu çərçivədə İmişlidə ətraf mühitin mühafizəsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Rayon Təhsil Sektorunun, eləcə də Rayon Gənclər və İdman Sektorunun məsul şəxsləri iştirak ediblər. Qeyd olunub ki, hazırlanan tədbirlər planına uyğun olaraq əhali arasında ekoloji mədəniyyətin artırılması, təbii resurslardan səmərəli istifadə və ətraf mühitin qorunması istiqamətində mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.
Tədbirdə çıxış edənlər ətraf mühitin qorunmasında təkrar emalın mühüm rolunu xüsusi vurğulayıblar. Bildirilib ki, insanların sosial və iqtisadi fəaliyyəti nəticəsində yararlılıq müddətini başa vurmuş materiallar tullantı adlanır və onların bir hissəsini (plastik, metal, kağız, şüşə və s.) fiziki və kimyəvi proseslər vasitəsilə yenidən istifadəyə yararlı hala gətirmək mümkündür. Bu proses həm təbii sərvətlərin həddindən artıq istifadəsinin qarşısını alır, həm də ətraf mühitin çirklənməsini azaldır. Çıxışlarda qeyd olunub ki, istifadə olunmuş kağızların təkrar emalı hava və su çirklənməsini azaltdığı kimi yeni ağacların kəsilməsini də minimuma endirir. Statistikaya görə, bir ton kağızın təkrar emalı 8 ağacın kəsilməsinin qarşısını alır. Bu isə uzunmüddətli planlamada həm ekoloji təhlükəsizliyə, həm də iqtisadi səmərəliliyə xidmət edir. Təkrar emalın yeni iş yerləri yaratmaqla yanaşı, gələcək nəsillərin də təbii ehtiyatlardan faydalanmasına imkan verəcəyi diqqətə çatdırılıb. Həmçinin, istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin vacibliyi vurğulanaraq, bu istiqamətdə hər kəsin üzərinə məsuliyyət düşdüyü qeyd olunub.






