Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə əmək qanunvericiliyi və uşaqların əmək hüquqlarına dair maarifləndirici tədbir keçirilib

18 sentyabr 2025 | 18:35
  Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qeyri-formal məşğulluğa qarşı mübarizə, eləcə də əmək qanunvericiliyi sahəsində işəgötürənlərin maarifləndirilməsi məqsədilə yerlərdə mütəmadi maarifləndirici tədbirlər həyata keçirilir. Növbəti belə tədbir təsdiq edilmiş qrafikə əsasən, Nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan regional şöbəsi tərəfindən sentyabrın 17-də İmişli rayonunun Heydər Əliyev Mərkəzində “Uşaqların əmək hüquqları, məcburi əmək və insan alverinin qarşısının alınması” mövzusu ilə bağlı keçirilib.
   Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, Nazirliyin tabeliyində olan digər qurumların, ictimai birliklərin əməkdaşları, həmçinin Mil-Muğan regional şöbəsinin əhatə etdiyi rayonlar üzrə dövlət və özəl sektora aid 85 müəssisə və təşkilatın 130-dan çox nümayəndəsi iştirak edib.
  Tədbiri Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan regional şöbəsinin rəisi Şahin Əzizov açaraq əmək qanunvericiliyində, o cümlədən “ƏMAS” sistemində aparılmış son dəyişikliklər və yaradılmış yeni imkanlar barədə məlumat verib. Daha sonra şöbənin əməkdaşı tərəfindən təqdimat keçirilib, mövzu ilə bağlı əmək qanunvericiliyinin tələbləri, işəgötürənlərin bu tələblərlə bağlı hüquq və vəzifələri barədə iştirakçılar məlumatlandırılıb. Digər çıxış edənlər də mövzu ilə bağlı fikirlərini bildirərək görülən işləri yüksək qiymətləndirib, gələcəkdə qarşıda duran vəzifələrə dair öz təkliflərini səsləndiriblər.
   Sonda Xidmətin əməkdaşları mövzu ilə bağlı, o cümlədən əmək qanunvericiliyi sahəsində iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Keçidlər