İmişlidə “Əbədi ömür” adlı tədbir keçirilib
08 may 2024 | 18:34
Mayın 8-də İmişli Rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Vəliyev Tural İlham oğlunun xatirəsinə həsr olunmuş “Əbədi ömür” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə şəhid ailələri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev , YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, onların kollektivləri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. Tədbir başlamamışdan öncə Mərkəzin foyesindəki sərgiyə baxış keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan icra başçısı bildirib ki, şəhidlərimizin adının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulması və keçdikləri örnək döyüş yollarının gələcək nəsillərə davamlı şəkildə təbliğ olunması prioritet məsələlərindən biridir. Vətən müharibəsində İmişlili gənclərin xüsusi əzm və cəsarətlə döyüşdüyünü, düşmənin hücumlarının qarşısını mərdlik və qəhrəmanlıqla dəf etdiklərini vurğulayan icra başçısı Vətənin yalnız müəyyən sərhədlər daxilində coğrafi məkan olmadığını, onun xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaq olduğunu ifadə edib. Digər çıxış edənlər şəhidimizin keçdiyi şərəfli döyüş yolundan, igid oğullarımız sayəsində Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbəmizdən danışıblar. Tədbirin gedişatında çıxış edən şəhidimizin atası İlham kişi övladı barədə xatirələrini bölüşərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Sonda mədəniyyət işçilərinin ifalarında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib və vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.