İmişlidə Dövlət Suverenliyi Günü ilə bağlı dəyirmi masa keçirilib
19 sentyabr 2025 | 16:27
Azərbaycan xalqı üçün müstəqillik və dövlətçilik ən ali milli dəyərlərdəndir. Tarix boyu müxtəlif sınaqlardan keçməsinə baxmayaraq, xalqımızın azadlıq və suverenlik arzusu heç vaxt sarsılmamış, daim nəsildən-nəsilə ötürülmüşdür. Müstəqillik yalnız siyasi və hüquqi anlayış olmaqla kifayətlənmir, həm də milli kimliyi, tarixi varlığı və dövlətçilik ənənələrini təsdiqləyən müqəddəs dəyərdir. Bu münasibətlə İmişlidə 20 sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Aran, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Ardınca məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün qorunması və bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Giriş nitqi ilə çıxış edən icra başçısı vurğulayıb ki, Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixində mühüm siyasi və mənəvi hadisədir. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi möhkəmlənmiş, ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Qeyd edib ki, Ali Baş Komandanın siyasi iradəsi ilə 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində Azərbaycan qalib xalq kimi dünyada öz nüfuzunu bərpa etmişdir. Bildirib ki, əldə olunan qələbədən sonra Qarabağda aparılan sürətli yenidənqurma işləri sayəsində artıq soydaşlarımız öz ata-baba yurdlarına qayıtmağa başlamışlar və bölgədə normal həyatın bərpası sürətlə davam edir. Digər çıxış edənlər 20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın milli kimliyini, müstəqillik iradəsini və azadlıq arzularını təsdiqləyən ali dəyər olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, bu gün Azərbaycan güclü dövlətçilik ənənələri üzərində inkişaf edir və gələcəyə inamla addımlayır. Dəyirmi masa səmimi fikir mübadiləsi ilə yekunlaşıb.


















